Bazar günü, 2024-12-22, 4:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əqidə » Ədl

Əbədi həyat (1)
2012-10-18, 0:29 AM
Əbədi həyat (1)

İslam dünyagörüşü prinsiplərinin bir hissəsində dinə [İslam dininə] olan etiaqdın əsasını təşkil edən "əbədi həyata və ya axirət dünyasına” olan imandır. Axirət dünyasına iman gətirmək müsəlmançılığın əsas şərtlərindən biridir. Yəni axirət dünyasına iman gətirməyən şəxs müsəlman ümmətindən xaric olmuş hesab olunur.
 
İlahi peyğəmbərlərin hamısı təkAllahlıq və tovhidə dəvət etdikdən sonra təbliğ etdikləri və insanların ona iman gətirmələrini istədikləri ilk şey məhz axirət dünyası olmuşdur. Kəlam alimləri bu prinsipi dini ədəbiyyata "məad” termini kimi daxil etmişlər. Qurani-Kərimdə axirət dünyası, məhşərdə aparılan sorğu-sual, cənnət və cəhənnəm, ölülərin məhşərə necə daxil olmaları, insanların əməl dəftərləri, axirət dünyasının əbədiliyi və bu kimi digər məsələlər haqda yüzlərlə ayə ilə qarşılaşırıq. Amma on bir ayədə məhz Allaha iman gətirdikdən sonra axirət dünyasına iman gətirməyin zəruriliyinə işarə edilmişdir. Onlardan biri də "Yəvmul-axir”, yəni sonuncu gündür. Qurani-Kərim bu ifadə ilə bizə iki mühüm məsələni bəyan edir:
 
1. İnsan həyatı, başqa sözlə, dünyanın qət etdiyi mərhələ iki qismə bölünür və onların hər birini "gün” kimi tanımalıyıq. Onlardan biri ilk olaraq başlayır və digəri başlamazdan əvvəl sona çatır (yaşadığımız aləm). Sonrakı gün isə ikinci mərhələ olaraq başlayır, amma birincidən fərqli olaraq sona çatmır (axirət dünyası). Qurani-Kərimin bəzi ayələrində bu dünya "Ula” – yəni əvvəl, axirət dünyası isə "Axirət” – yəni son kimi ifadə olunmuşdur.
 
2. Digəri isə bundan ibarətdir ki, biz ilk mərhələdə bu dünyanı qət edirik və hələ ki, ikinci mərhələyə (axirət dünyasına) çatmamışıq, o bizdən gizli və pünhandır. İstər bu dünyada, isətərsə də axirət dünyasında səadətimiz "axirət dünyasına” iman gətirməkdən asılıdır. Bu dünyanın səadəti ona görə axirətə olan imandan asılıdır ki, biz bu dünyada gördüyümüz bütün işlərin əksül-əməlinə diqqət yetirməli oluruq. Belə ki, insan bu dünyada gördüyü bütün işlərin hesabını axirət günü məhşərdə verməli olacaq. Demək, heç bir şey məhv olub aradan getmir. İnsanın aqibəti kimi bütün işlərin də axirətdə müəyyən hesabatı olacaqdır.
 
Belə isə səadətə nail olmaq üçün ilk növbədə özümüzü islah etməyə və bütün xoşagəlməz əməl və düşüncələrdən uzaq olmağa çalışmalıyıq. Daim yaxşılığa doğru getməli və xeyirxah addımlar atmalıyıq. Axirət dünyasının səadətinin axirətə olan imanla bağlılığına gəldikdə isə, bunu bilmək kifayətdir ki, insan axirətdə, bu dünyada gördüyü işlərin müqabilində cəzalandırılıb və ya mükafatlandırılacaqdır. Bütün bunları nəzərə alaraq, Quran axirət dünyasına iman gətirməyi lazım və zəruri hesab edir.
 
Axirət dünyasına imanın mənbə və mənşəyi
 
Axirət dünyasına olan imanın mənbə və mənşəyini hər şeydən əvvəl peyğəmbərlər tərəfindən bəşəriyyətə çatdırılan vəhydə görmək lazımdır. Bəşər, Allahı tanıdıqdan sonra peyğəmbərlərin sədaqətinə iman gətirdi və bu həqiqəti dərk etdi ki, onlara Allah tərəfindən nazil olan vəhy məhz həqiqətdir. Onlar Allahın vəhdaniyyətini bəyan etdikdən sonra bəşəriyyətə çatdıracağı ilk şey məhz axirət dünyası və öldükdən sonra yenidən dirilib məhşərə qayıtmaq – yəni "məad” olmuşdur. Bu səbəbdən də hər bir şəxsin axirət dünyasına iman gətirməsi (yəni axirət dünyasına olan imanının az və ya çox olması) peyğəmbərlərə iman gətirmələri və onların sədaqəti ilə sıx əlaqəlidir. Digər tərəfdən də insanın ümumi dünyagörüşü və axirət dünyası haqda olan təsəvvürü mühüm amillərdən biri hesab olunur. Belə ki, insan axirət dünyası haqda düşünərkən bir çoxlarının düçar olduqları yanlış təfəkkür tərzinə və cəhalətə qatılmamalıdır.
 
Peyğəmbərlərin bəşəriyyətə çatdırmalı olduqları vəhy ilə yanaşı məada olan iman və etiqadın digər yolları da vardır. Belə ki, bəşəriyyətin əqli, fikri və elmi səyləri nəticəsində yaranmış ideya və məntiq peyğəmbərlərin məad haqda söylədiklərini təsdiq edir.
 
Və bu yollar:
1. Allahı tanımaqdan;
2. Dünyanı tanımaqdan;
3. İnsan ruh və nəfsini tanımaqdan ibarətdir.
 
Biz hələlik fəlsəfi və elmi bəhslərlə əlaqəli olan yollar haqda söhbət açmaq istəmirik və yalnız vəhy və nübüvvət (peyğəmbərlik) ilə mətləbi açıqlamaq istəyirik. Amma Quranın bu yollarla işarə etdiyini nəzərə alıb, bir qədər sonra "Quranın axirət dünyası haqda dəlilləri” adlı bir mövzu haqda söhbət açacağıq. Haqqında söhbət açılması zəruri olan məsələ isə, İslamın əbədi həyat və ya axirət dünyası haqda olan baxışı və ona olan münasibətidir. Və bunun özü bir neçə hissədən ibarətdir:
1. Ölümün mahiyyəti;
2. Ölümdən sonrakı həyat;
3. Bərzəx (dünya ilə axirət arasındakı mərhələ) aləmi;
4. Böyük qiyamət;
5. Dünyəvi həyat ilə ölümdən sonrakı həyatın əlaqə və rabitəsi;
6. İnsanın gördüyü işlərin təcəssümü, əbədiliyi və onun təsiri;
7. Bu dünyanın, axirət dünyası ilə oxşar və fərqli xüsusiyyətləri;
8. Quranın axirət dünyası haqda gətirdiyi dəlil və sübutlar;
 
Ölümün mahiyyəti
 
Ölüm nədir? Ölüm fəna və yoxluq deməkdir, ya dəyişkənlik və bir aləmdən başqa bir aləmə köçmək?
 
Bu sual daim bəşəriyyətin diqqət mərkəzində olmuş və olmaqdadır və hər bir şəxs bu sualın cavabını birbaşa tapmağa və ya verilmiş cavablara iman gətirməyə meyil edir. Biz müsəlmanlar Qurana iman gətirdiyimiz üçün bu sualın cavabını məhz buradan əldə edirik və orada deyilənlərə iman gətiririk.
 
Quran ayələrində ölüm özünəməxsus ifadə ilə "təvəffa” adlandırılmışdır. "Təvəffa” və "istiyfa” sözlərinin hər ikisinin kökü "vəfa” kəlməsindəndir. Hər hansı bir şeyi nöqsansız olaraq əldə etdikdə ərəblər "istifa” felindən istifadə edirlər. Məsələn, "təvəffəytul-malə”, yəni "malı (hər hansısa bir şeyi) heç bir nöqsanı olmadan qəbul etdim.”
 
Qurani-Kərimdə on dörd yerdə bu ibarə "ölüm” mənasında işlənmişdir. Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, ölüm Quran nöqteyi-nəzərindən təhvil almaq mənasını daşıyır. Yəni insan ölüm ayağında tamam vücudu ilə Allah məmurlarının [can alan mələklərin] ixtiyarında olur və onlar dünyasını dəyişən insanı [başqa bir aləmə] təhvil alırlar. Quranın bu ibarətindən bir neçə mətləb əldə etmək olur.
 
1. Ölüm fəna və yoxluq deyildir, insan bir aləmdən başqa bir aləmə köçür və öz həyatını bir qədər fərqli olaraq davam etdirir.
 
2. İnsanın bədən üzvləri müəyyən müddət keçdikdən sonra təhvil alınmadan bu dünyada məhv olub aradan gedir. Onun şəxsiyyətinin mahiyyətini təşkil edən həqiqət [onun mənliyi] isə, əbədi olaraq qalır. Quran bu həqiqəti "nəfs”, bəzən də "ruh” adlandırır.
 
3. İnsan şəxsiyyətinin mahiyyətini təşkil edən və ona əbədilik bəxş edən nəfs və ya ruh məqam və dərəcə baxımından maddiyyatdan daha üstün məqamda qərar tutmuşdur.
 
Ruh və ya nəfs təbiətin cövhəri təkamülünün məhsulu olsa da, təbiət ruh və ya nəfsə çevrildiyi cövhəri təkamülün nəticəsində vücudunun mahiyyəti və həqiqi məqam və dərəcəsi dəyişilərək bir qədər yüksək mərhələdə qərar tutmağa başlayır. Yəni başqa bir aləmin – metafizika aləminin varlığına çevrilir. İnsan öldükdə onun vücudunun bir hissəsini təşkil edən və maddiyyatdan fövqəladə üstün olan ruh və nəfsi ondan təhvil alınır.
 
Qurani-Kərimin bəzi ayələrində elə bir mövzuya toxunulmuşdur ki, onu nə məada, nə də axirət dünyasına aid etmək olar. Allah-təala bu ayələrin birində insan vücudunun su və gildən daha üstün bir həqiqətdən ibarət olduğuna işarə edir. Məsələn, Adəmin (ə) yaradılışını bəyan edərkən buyurur: "Mən ona öz ruhumdan üfürdüm.” ("Hicr” surəsi, ayə: 29.)
 
İslam maarifinin əsas hissəsini təşkil edən məsələlərdən biri də, ruhun insan dünyasını dəyişdikdən sonra əbədi olaraq qalmasıdır. Quran ruhu bədəndən müstəqil və həqiqi bir varlıq hesab edir. Belə ki, bir çox ayələrdə ruhun, bədən məhv olub aradan getdikdən sonra axirət dünyasında öz fəaliyyətinə davam edəcəyinə işarə edilmişdir.
 
Bəziləri belə güman edirlər ki, Quran ruh və nəfsə heç bir əhəmiyyət vermir. İnsan dünyasını dəyişdikdən sonra hər şey sona çatır. Yəni öldükdən sonra qiyamət gününədək idrak və şüur, əzab-əziyyət və ilahi nemətlərdən bəhrələnmək heç bir məna kəsb etmir. Amma axirət dünyasını bəyan edən bir çox ayələr bu nəzəriyyələri qətiyyətlə rədd edir. Onlar "İsra” surəsinin 85-ci ayəsinə istinad edirlər: "[Ya Muhəmməd!] Səndən ruh [ruhun keyfiyyəti və mahiyyəti] haqqında soruşarlar. De ki: "Ruh Rəbbimin əmrindəndir.”
 
Quranda dəfələrlə ruha işarə edilmişdir, amma ayədən göründüyü kimi məqsəd tam başqa bir şeydir.
 
Onlar bunu bilməlidirlər ki, nəzərdə tutduqları mətləb Quranın iyirmiyə yaxın digər ayələridir. Əlavə olaraq qeyd etmək lazımdır ki, ruh həmin ayənin bəzilərində yalnız (ruh), bəzilərində isə "ruhəna” – ruhumuz, "ruhul-qudus” – müqəddəs ruh, "ruhi” – ruhum, "ruhən min əmrina” – ruh bizim əmrimizdir və s. formalarda gəlmişdir. O cümlədən, insan haqda deyilir: "Mən ona öz ruhumdan üfürdüm.”

ihq.az

Category: Ədl | Added by: Ənfal
Views: 847 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]